Valideynlərin nəzərinə! Şagirdlərimizi qoruyan “dırnaqarası” mühafizə – VİDEO

17 2018 15:22

Bəzi məktəblərin təhlükəsizliyi gözdən pərdə asmağa bərabərdir.

ARB TV-ni “Günə doğru” verilişində bəzi məktəblərdə təhlükəsizlik probleminə dair reportaj hazırlanıb.

Sabiq polis rəisi Şəmsəddin Əliyev məsələyə münasibət bildirib:

“Mühafizəçinin sadəcə qapıda durub, “hara gedirsiz?” sualını verməsi təhlükəsizlik tədbiri deyil. Bu uşaqların qorunması üsulu da deyil”.

Təhlükəsizlik tədbirləri zamanı xüsusi quraşdırılmış kameralardan tutmuş, girişlərdə mühafizəçilərin olmasına kimi bir çox məqamlara diqqət yetirilir. Amma hələ də bəzi məktəblərdə bu işi peşəkarlardan çox, adi qapıçılar icra edir.


Elmar Nurəliyev – Ekspert: “Məktəblərin sayı 4.000-dən yuxarıdır. Bu qədər məktəbə, bağçaya və başqa təhsil müəssisələrinə polislərin təyin olunması həm maddi, həm də fiziki cəhətdən mümkün deyil. Hazırda məktəblərdə ayda yığılan pul hesabına mühafizə şirkət arasında müqavilə imzalanır. Bununla da məktəbin mühafizəsi təmin edilir”.

Xırda görünsə də, həssas yanaşılmalı olan bu işə xüsusi polislərin cəlbi daha vacibdir.

Şəmsəddin Əliyev – Sabiq polis rəisi: “Burada bütün orta məktəblərdə olan dırnaqarası mühafizəçilər sözün həqiqi mənasında mühafizəçilərlə əvəz olunmalıdır. 
Bu iş mütləq mənada Azərbaycan respublikası Daxili İşlər Nazirliyinin mühafizəsi altında olmalıdır. Bunun üçün Baş Mühafizə İdarəsi var. Mühafizəçi mütləq mənada öz mühafizə funksiyalarını gözəl bilməlidir”.

Məktəblərin təhlükəsizliyi təkcə bununla da kifayətlənməməlidir. Bu kompleks tədbir kimi həyata keçirilməlidir.

Elmar Nurəliyev – Ekspert: “Məktəblərin mühafizəsini biznes obyektlərinin mühafizə xidməti ilə bir cərgəyə qoymaq olmaz. Texniki təhlükəsizlik, əməyin mühafizəsi qaydaları, yanğın, qida təhlükəsizliyi qaydaları, elektron və informasiya təhlükəsizliyi tədbirləri görülməlidir.

Bir çox valideyn məktəb seçimi edərkən bu məsələyə də üstünluk verir. 
Hətta bəzi hallarda valideyn şurası da təhlükəsizliyin təmin olunmasına öz köməkliyini də göstərir.