İşğalda olan torpaqlarımızın adlarını şadlıq saraylarına vermək düzgündürmü? - AÇIQLAMA - VİDEO

13 2018 18:39

ARB TV-nin “Günə doğru” verilişində işğal altında olan torpaqlarımızın adlarının şadlıq saraylarına verilməsi haqda sujet efirə gedib.

Azər Badamov - Millət vəkili: “Bəzi kafe və restoranlarda, avtoyumalarda işğal altında olan torpaqlarımızın adına rast gəlmək olur. Düzgün saymıram. Çünki ad qoyan zaman onu düşünmək lazımdır”.

Millət vəkilləri tarixi Azərbaycan torpaqları və işğal altında olan rayonların adlarının ucuzlaşdırılmasını düzgün saymırlar. Deputatlar həmin torpaqların və məkanların adlarının ucuz tutulmasından gileylənir. Cəmiyyətdə də buna münasibət birmənalı deyil. 

Bəs o obyektlər hansılardır? Yolkənarı kafelər, məhəllə içi kiçik çayxanalar. primitiv xidmət göstərən bu kimi iaşə obyeklərinə Qarabağ, Ağdam, Şuşa kimi adların qoyulmasını bəzi vətəndaşlar yerlərə qarşı hörmətsizlik kimi də qəbul edir.

Ekspertlər, eləcə də ziyalılar tarixi torpaqlarımızın adlarının verilməli olduğu xidmət sahələri ilə bağlı təbliğat aparılmasını vacib sayır. Onların fikrincə, xidmət keyfiyyəti pis vəziyyətdə olan kafe və çayxanalara belə adların qoyulmasına imkan verilməməlidir.

Əhməd Qəşəmoğlu - Sosioloq: “Əgər layiqli bir yerə belə ad qoyulubsa, bundan istifadə etmək olar. Çünki həmin yerlərdə turistlər olur. Bununla da oranı tanıtmaq olar.

Tarixi məkanların adlarının əbədiləşdirilməsi və yaşadılması doğru addımdır. Amma yaxşı olar ki, o adları onların şan-şöhrətinə xələl gətirmədən edilsin. Bu hər bir vətəndaş kimi, sahibkarların da mənəvi borcudur.