"Mənə xəyanət etməyən..." - Rahidə Baxışova sirləri açdı - VİDEO

07 2018 18:02

ARB Ulduz-un "Şou məkan" verilişinin qonağı olan müğənni Rahidə Baxışova maraqlı açıqlamalar verib.

Mehribanlığı sevdiyini və şər-böhanla işi olmadığını söyləyən müğənni Rahidə Baxışovanı şou-biznesin qalmaqal qoxusu gəlməyən ifaçısı hesab etmək olar.

“Təbiətcə sakit insanam. Mənə toxunmasınlar. Heç kimin toyuğuna “kış” demərəm. Heç kimin xətrinə dəymərəm, şər-böhtan atmaram. Mehribanlığı sevən insanam. Mən qalmaqalları efirdə danışmağı sevmirəm. Kiminləsə aramda inciklik varsa, xoşum gəlmir ki, onu efir vasitəsilə deyim. Kimsə gündəm üçün bunu edə bilər, ancaq mən yox”.

Tamaşaçının zövqünü anlamaqda çətinlik çəkdiyini etiraf edən müğənni, indi insanların hansı tip mahnılara yönəldiyini, deyəsən, yaxşı bilir: 

“İndi tamaşaçının zövqünü anlaya bilmirəm. Başa düşmürəm ki, nə istəyirlər. Əslində bilirəm ki, insanlar daha çox nə dinləyirlər. Ancaq mən o tip musiqilərdən uzağam. Bəzən olur ki, hansısa bəstəkar mənə mahnı göndərmək istəyir və deyir ki, bu mahnılar sənə yaxşı pul gətirə bilər. Mahnını göndərirlər. Baxıram ki, yox ey, mən bu bəstələri ifa edə bilmərəm. Görürəm ki, ucuz mahnılar daha çox dinlənilir. Tamaşaçı o tip mahnılara və müğənnilərə maraq göstərir. Lakin həmin mahnıların da ömrü az olur”.

Bəzi müğənnilər məsələnin qazanc tərəfini düşünüb bayağı mahnılara meyl etdiyi halda, Rahidə, iki dünya bir araya gəlsə də, ucuz mahnılar oxumayacağını söylədi:


“Mən pul qazanacam deyə, keyfiyyətsiz mahnılar ifa edə bilmərəm. Hərçənd ki, mənə bu cür mahnılar çox təklif olunur. Axı mən peşəkar bəstəkarların mahnılarını ifa etmişəm. Pul qazanmağın da öz yeri var da. Mən hər nə gəldi oxuya bilmərəm. Məsələnin maddiyyat tərfindən daha çox sənət yönünü fikirləşirəm”. 

O, yeni imicə keçmək istəməsi barədə də məlumat verib:

“Artıq düşünürəm ki, imicimi dəyişim. Bir aya saçlarımı kəsdirəcəm, rəngində də dəyişlik edəcəm. Deyirəm, birdən yaraşmaz. Məndə dəyişik rənglər olub. Ağ rəng də, sarının tonları da olub. Ancaq bu, mənə daha çox yaraşır”. 

Yaxın dostlarının olduğunu söyləsə də, belə görünür ki, müğənninin dost sarıdan dili-dodağı yaman yanıb:

“Bu illər ərzində çox “dostlar” gördüm, çox “bacılar” gördüm. Ancaq mənim əziz bildiyim insanlar var. Ən başlıca dostum, mənə xəyanət etməyən anamdır. Düşünürəm ki, insanlarla gərək yaxın olmayasan. O zaman insanın özü də hörmətli olur, daha qiymətli olur, sən özün də dəyər görürsən. Mən bu həyatda sevdiklərimdən, doğmalardan zərbə almışam. Heç vaxt gözləmədiyim insanlardan çox şey görmüşəm”.

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.