​“İstəmirəm biabırçılıqla üzləşim” – Oğlunu evləndirmək istəyən Nadir Qafarzadə - VİDEO

01 2018 17:26

“ARB Ulduz”un “Şou məkan” verilişinin qonağı olan müğənni Nadir Qafarzadə maraqlı açıqlamalar verib.

Sənətçi, ilk olaraq övladını evləndirib nəvə sahibi olmaq istəyindən danışıb:

“Oğlumu evləndirməyə, toyunu görməyə o qədər həvəsliyəm. 
Nə qədər ki, cavanam, içimdə enerji var, istəyirəm ki, oğlum üçün toy edim. Gənc baba olmaq üçün çox həvəsliyəm. İstəyirəm ki, küçədə nəvəmlə gəzəndə, məndən soruşsunlar ki, oğlundur? Deyim ki, yox, nəvəmdir. Belə şeyləri xoşlayıram”.

Nadirin həvəslə, ürəkdolusu danışmağından fərqli olaraq, oğlu, deyəsən, bu məsələlərə elə də isti münasibət göstərmir:

“Oğlum evlənməyə həvəsli deyil. 
Deyir ki, vaxtım yoxdur. Hələ mən iş tapmalıyam. Özüm pul qazanmalıyam ki, atamdan asılı olmayım. Deyir, 24, 25, 26 yaşlarımda ailə quracam. Bəlkə də, tez sevəcək. Bilmək olmaz da. İstəyirəm ki, evimizə, ocağımıza yaxşı bir ailənin qızı gəlsin. Yazığam, çox əziyyət çəkmişəm. İstəmirəm ki, bundan sonra hansısa biabırçılıqla üzləşim”.

Son zamanlar qalmaqal, söz-söhbət alovunda adı tez-tez bişən müğənni, artıq ucuz çəkişmələrdən yorulduğunu və çıxıb getmək istədiyini bildirib:

“Çalışırlar ki, mənim yanımda adlarını hallandırsınlar. 
Mən isə onların çoxuna cavab vermirəm. İttihamlar da oldu. Hətta mənim ailəmin adını çəkən insanlar oldu. Mən bu məsələdən o qədər utandım ki. Axı ailəmin adını niyə çəkirsən? Mən kimə konsert vermişəmsə, əcəb eləmişəm. Çox cılız, ucuz söhbətlər edirlər. Ətim töküldü, arıqladım. Hərdən belə söhbətlər olanda, arıqlayıram, yaxşıdır. Artıq iyrənmiəm. Hərdən baş götürüb getmək istəyirəm. Böyük məmnuniyyətlə gedərəm. Xanımım hə desə, arxama dönmədən gedərəm. Ölkədən imtina etməyi nəzərdə tutmuram ha. Artıq çox insanlardan iyrənirəm”.

Nadir Qafarzadə bacısının yol kənarında çörək satması məsələsinə də fikr bildirdi:

“Belə çıxır ki, çörək sexlərində işləyən xanımlar, çörək bişirənlər hamısı pis yoldadırlar? 
İşləyir, zəhmət çəkir, pulunu qazanır. Nadirin bacısı nazir arvadı olmalıydı ki? Orta təhsilli qadındır, ailəsi var. Çörək pulu qazanır da. Burda ayıb olan nə var ki? Ayıb olan şeylər var ki, ondan utanmaq lazımdır. 5 bacım var. Gücüm çatdığı qədər kömək edirəm. Mənim də öz problemlərim var, öz ailəm var. Hər kəs öz ailəsinə baxmalıdır. İndi elə bir dövrdür ki, heç kim heç kimin cibini güdməməlidir”.

İfaçı heç vaxt konsert verməyəcəyini açıqladı:

“Planda konsert yoxdur, heç vaxt da olmayacaq. 
Çünki konsert böyük xərc tələb edir. Mənim isə sponsorum yoxdur. İstəmirəm ki, qazandığımı konsertlərə töküm, ordan da heç nə qazanmayım. Mən işlədiyim qədər heç bir müğənni işləməyib. Konsert üçün məkanın icarəsi var, səhnə qurmalısan, sponsor da ki yoxdur. Bəlkə, qızların sponsoru var, deyə bilmərəm, ancaq kişilərin yoxdur. Biz özümüz eləməliyik. Mənim konsertə, reklama ehtiyacım yoxdur”.

Qeyd edək ki, “ARB Ulduz” kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.