“Müğənnilər bəzən çaşırlar” – Vasif Məhərrəmli – VİDEO

08 2018 16:16

ARB Ulduz-un “Şou məkan” proqramının növbəti müsahibi Əməkdar artist, müğənni Vasif Məhərrəmli olub.

Əməkdar artist, ümumiyyətlə, toy mahnıları anlayışının səhv olduğunu söylədi:

“Bu, toy mahnısıdır. Bu, vay mahnısıdır. Belə bir deyim yoxdur. Bu, düzgün yanaşma deyil. Mən, hətta peşəkar səhnəyə gələndə belə toyu düşünməmişəm. Müğənnilər bəzən çaşırlar. Mütləq mən 6-8 ritmində mahnı yazdırım ki, toylara aparsınlar. Mən səhnəyə “Bakılı qız”la gəlmişəm. Onun arxasınca Nailə Mirməmmədlidən “Nə küskünsən” mahnısını oxudum. Sonra Asif Kərimovdan “Unuda bilməz”i oxudum. Ağır bir mahnı idi. Bu mahnıları oxuyurdum, toya aparmırdılar məni? Aparırdılar, ozü də necə”.

Bəzi müğənnilərin toy üçün ucuz reklamlara əl atdığını söyləyən müğənni, gənc ifaçılara da öz tövsiyələrini çatdırdı:

“Fikrin bu olmasın ki, bunu oxuyan kimi məni toya aparacaqlar. 
Hətta müğənnilər bu məqsədlə rayonlara mahnı həsr edirlər. Çıxırlar rayonlara mahnı oxuyurlar və deyilər ki, ay filan rayonun camaatı, məni toylara aparın. Belə şeylər lazım deyil. Reklam formasını bilmirlər deyə başlarını hər yerə vururlar. Ona görə də müğənni sıfırdan başlayanda komanda şəklində, bu işi bilən şəxslərlə çalışmalıdır”.

Paxıllığını çəkən insanlardan danışan Vasif Məhərrəmli, bəzi gözü götürməyənlərin onun arxasınca şaiyələr belə yaydıqlarını etiraf edib:

“Həzm edə bilmirlər və hamının arxasınca min cür söhbətlər edirlər. 
Onların içində mən də varam. Bilirəm ki, mənim arxamca nə qədər söhbətlər gedir, nə qədər şaiyələr, nə qədər yalanlar, nə qədər böhtanlar var. Məni həzm edə bilməyənlər var.

Niyə Vasif Məhərrəmli Əməkdar artistdir? Əmək sərf edib olub Əməkdar artist də. Sən də sərf elə, ol!”


Şou-biznesdə külüng vurmaq, Vasif müəllimə artıq kimin kim, nəyin nə olduğunu anlaması üçün lazımi köməkliyi edib.

“Çəkmə paxıllıq. İşlə məşğul ol! Mən kiminsə getdiyi toyları sayası deyiləm ki. Bir müğənni populyar olsun, sevilsin, tanınsın, toya getməsin, o zaman bütün müğənnilər başının tacı olacaq. Bir müğənni tanınsın, populyar olsun, toylara getsin, bütün müğənnilərin düşməni olacaq. Bu, danılmaz faktdır.

Bəzi müğənnilər, hətta onların əksəriyyəti deyirlər ki, kaş bütün müğənnilər qırılaydı, yüz toyun yüzünə də mən musiqiçi qoyaydım, hərəsində də gedib on dəqiqə oxuyaydım, hamısı mənim olaydı”.

Gözü yüksəklərdə olub özündən başqasını tanımayan və “mənəm mənəm” deyənləri isə Vasif müəllim tənqid atəşinə tutdu.

“Mən özümə etalon demərəm. Desəm, deməli, sonum uçurumdur. Bir insan ki özündən razı oldu, dedi ki, mən mənəm, o zaman üzüaşağı gedəcək. Yüksəlmə odur ki, gərək insan özündən narazı olsun. Bir adam dedi ki, məndən yoxdur, mən bir dənəyəm, mən bir nömrəyəm, bu artıq uçurumdur.

Hər bir insan bilir ki, o nəyə qadirdir. Bu sənət yüzpilləli pilləkəndirsə, bütün müğənnilər bilirlər ki, hansı pillədədirlər. Sadəcə həzm edə bilmirlər”.

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.