“Şou-biznesdə ikiüzlü, ayaq altı qazan, süni insanlar çoxdur...” - Yaşar - VİDEO

10 Noyabr 2017 02:03

ARB Ulduz"un "Şou məkan" verilişinin qonağı olan müğənni Yaşar Cəlilov maraqlı açıqlamalar verib.

 

O, bir həftəlik ömrü olan bəxtsiz mahnılardan danışdı:

“Müğənni dostlarımın işıq üzü görən mahnılarına baxıram da, sadəcə mahnıdır. Həmin ifalar bir həftə, on gün sevilər, bəlkə də, sevilməz, mahnı unudulub gedər. Bu sözü deyirəm, altından da imzamı atıram ki, mənim repertuarımda elə bir mahnı yoxdur ki, onun ömrü bir həftə, bir ay, yaxud bir il olsun. Mən elə mahnıar ifa etmişəm ki, o mahnılar ən az beş il mənim musiqi tarixçəmdə qalıb, sevilib, istəniləcək mahnılardır”.

 

Yeni bir mahnı çıxardıqdan sonra bir müddət ortalıqdan yox olan müğənni bunun özəl səbəblərini açıqladı, üstəlik həmkarlarının əsl məqsədini də etiraf etməkdən çəkinmədi:

“Nə yalan deyim, bir az tənbələm. Mənim ətrafımda Vüsalə xanım, Natiq olmasa, ailəm nə isə deməsə, başım toylara qarışar. İki ildən bir mahnı oxuyaram, bununla da kifayətlənərəm. Biri var, müğənni çalışır ki, sadəcə populyar olsun. Bu məntiq xanımlarımızda daha çoxdur ki, sevilim, gerisi yaxşı olacaq. Kişilərdə belə deyil. Kişilər deyir ki, bir mahnı çıxarım, gedim toyda oxuyum, toylara düşüm. Mənim də məqsədlərimdən biri odur ki, mənim də populyar mahnım olsun, o ifa ilə toylara gedim, pulumu qazanım, yeni işlər görüm. Bəzi müğənnilərdən fərqli olaraq, mənim adım tarixdə mütləq qalmalıdır. Biz müğənnilər bir-birimizin iç dünyasını yaxşı bilirik ki, kim nəyə görə ifa edir, kimin məqsədi nədir. Kimi istəyir ki, toydan pul qazansın, kimisi ad qazanmaq, kimi isə mənim kimi tarixdə qalmaq istəyir”. 

Əgər istəsə mahnı bəstələyə biləcəyini, ancaq bəstələmək fikrində olmadığını söyləyən müğənni bəstəkarlıq edən bəzi həmkarlarına da eyham vurmaqdan çəkinmədi:

“Mahnı bəstələməyə qalsa, vallah bəstələyərəm. Ancaq sonra işlədiyim bəstəkarların üzünə baxa bilmərəm. Söz yaza bilərəm. Ancaq mahnı üçün gərək təhsil alasan. Musiqi üzrə bütün lazımi təhsil istiqamətlərini öyrənmişəm. Ancaq bəstəkarlıq oxumamışam. Yaşarın yaxşı pulu var, ancaq Yaşar niyə ildə iki mahnı oxuyur? Çünki Yaşarın ağlı da var. Mən hər mahnıya pul vermirəm. Bizim iş nömrəmizə xeyli mahnı göndərilir. Onların heç birini bəyənmirəm. Mənim normal imkanım var, ancaq çox yox. Mənim gözəllik salonum var, digər bir biznesim də var, onu demək istəmirəm”. 

Gənc həmkarlarının toy sövdələşəmələrinin yalan olduğunu ifşa edən müğənni çəkinmədən sözünün kəsərini birbaşa ifadə etdi:

“Mənim yaşıdım olan müğənnilər var ki, deyirlər 5 minə, 10 minə toylara gedirəm. Vallah hamısı yalan çıxır. Hamısının qiyməti 2500-3000 manatdır. Bunu deyirəm, kim istəyir, sübut da edə bilərəm. Deyirlər, gəl, sən bizim toyumuzu apar. Deyirəm mən orda qonaq kimi iştirak etmək istəyirəm. Gedir başqa biri ilə danışır, gəlir deyir ki, həmin adamı 2500-ə danışdım. Şoka düşürəm. Hansı ki həmin adam beş gün əvvəl 5000-dən aşağı toya getmədiyini söyləmişdi. Şou-biznesin biznes tərəfini daha çox sevirəm, şou tərəfi mənlik deyil. Şou-biznesdə ikiüzlü, ayaq altı qazan, süni insanlar çoxdur. Mənim şou-biznesdə dostum çox azdır. Abdül Xalid, Emil Bədəlov və Niyam Salami il biz bir-birimizə dost deyirik”. 


Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.