"Yanlış anlama" filminin Gəncədə imza günü keçirildi - VİDEO

09 Noyabr 2017 02:42

"ARB Ulduz"un "Şou məkan" verilişinin çəkiliş qrupu "Yanlış anlama" filminin Gəncədə keçirilən premyerası və imza günündə olub.

Çoxdandır gözlənilən “Yanlış anlama” filminin İstanbulda premyerası keçirildikdən sonra, nəhayət ki, Azərbaycanda ilk dəfə Gəncədə qalası baş tutdu.

“Yanlış anlama” filminin Gəncədə “Xəmsə park” Ticarət Mərkəzinin Cinema Plus kinoteatrında baş tutan qala gecəsi və imza günü anşlaqla qarşılandı. “Yanlış anlama” filmində yanlış anlaşılan sözlər əsas mövzu olsa da, hər halda Türkiyə və Azərbaycan aktyorları bir-biriləri yaxşı başa düşüblər.

Filmin baş rol ifaçısı Hakan Bilgin ekran işinin ana xəttini açıqladı:


“Bir ailə Türkiyədən müəyyən bir səbəblə Azərbaycana gəlir. Bakıda başqa bir ailə ilə tanış olurlar. Həmin iki ailə arasındakı münasibətlər və Azərbaycan dili ilə türk dili arasındakı yanlış anlaşılmalardan ortaya çıxan nəticə komediyanın ana xəttini təşkil edir”. 


Filmin İstanbulda baş tutan qalasında aktrisa Pelin Sönmezin kürək dekoltesi ən az film qədər gündəm mövzusu oldu:

“Çox təmtəraqlı paltarlar geyinən bir insan deyiləm. Papağımı taxıb, idman tərzi geyimimi əynimə keçirib çəkiliş meydançasına qaçıram. Davamlı olaraq tərzim budur. Ancaq qala gecəsi xüsusi bir mərasim olduğu üçün həmin məkana bu cür gedə bilmərəm. Çünki insanlar bizim üçün, film üçün ora gəliblər. Nəticə etibarilə qalaya xüsusi geyim geyməyin nəyi pisdir ki?”

Azərbaycanda çox gözəl insanlarla, yaradıcı heyətlə tanış olduqlarını deyən Hakan Bilgin Bakıda yaxşı dostlar qazandıqlarını söylədi:

“Bizim bir ay yarıma çəkdiyimiz film Bakıda 10 günə ekranlaşdırılır. Burda 10 günə, bir həftəyə çəkilən filmlər var. Azərbaycanda çox gözəl insanlarla tanış olduq, çox gözəl yaradıcı heyətlə münasibətimiz yarandı. Hətta, Azərbaycandan ağlayaraq ayrıldıq”. 

Filmdə azərbaycanlı aktyorlardan isə Fərda Amin, İslam Mehrəliyev və aktrisa Pərvin Abıyeva rol alıb.

İslam Mehrəliyev də film haqda fikrlərini bölüşüb:

Yanlış anlama” filmində elə sözlər var ki, həmin sözlər bizdə yanlış qəbul olunur və ya Azərbaycan dilində olan sözlər Türkiyədə fərqli formada başa düşülür. Yanlış anlamalarla bol olan film gülməli, əyləncəli və maraqlıdır”.

 

Pərvin Abıyeva ekran işinin çəkilişləri zamanı hava ilə bağlı xırda problemlər yaşamalarına toxunub:

“Çətinlik bizim üçün hava şəraiti oldu. Bu filmin bəxtindən ekran işinin Azərbaycan çəkilişləri başlamamışdan öncə hava çox sakit və istiydi. Ancaq çəkilişlər başlayan gündən külək bizə imkan vermədi. Filmə baxanda da görəcəksiz ki, saçlar havada uçur. Günəş olmasına baxmayaraq, donurduq”.

 

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.