“Bilirdim, amma yenə götürdüm” - Akkumulyator oğurlayan dəstə saxlanıldı - VİDEO

11 Oktyabr 2017 23:17

Bakıda oğru dəstə saxlanılıb.


ARB TV xəbər verir ki, oktyabrın 8-nə keçən gecə Sumqayıt şəhəri 11-ci mikrorayon ərazisində şəhər sakini Oqtay İbrahimova məxsus “VAZ-2106” markalı avtomobildən akkumulyator oğurlandığı barədə idarəyə məlumat daxil olub.

Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Siyəzən rayon sakini, əvvəllər məhkum olunmuş Azər Güləliyev, onun oğlu Vaqif Güləliyev, şəhər sakinləri Rasim Talıbov və əvvəllər məhkum olunmuş Elxan Sultanov tutulublar. Onların oktyabrın 1-dən 7-dək olan müddətdə Sumqayıt şəhəri ərazisində daha 5 avtomobildən oğurluq etdikləri müəyyən edilib. Bundan başqa məlum olub ki, Azər Güləliyev cari ilin iyun-sentyabr ayları ərzində də şəhər ərazisində daha 5 avtomobildən akkumulyator və məişət əşyaları oğurlayıb.

Azər Güləliyev – Saxlanılan şəxs: “Sumqayıtdan 7 akkumulyator oğurlamışam. Onu əlvan metal zavoda vermişəm. Digərlərini də təmir yerinə 20 manata vermişəm”.

Elxan Sultanov – Saxlanılan şəxs: “Azər, Rasim, mən bir də Azərin oğluydu. “06”dan 2 akkumulyator götürmüşük. Apardıq göstərdik. Bildilər ki, oğurluqdur, metallom qiymətinə ucuz götürdülər”.

Oğurluq əşyaları alan əlvan metalların qəbulu məntəqəsində işləyən Sumqayıt şəhər sakinləri İxtiyar Quliyev və Qabil Məmmədov da saxlanılıb.

Saxlanılan şəxs: “Mənə akkumlyator gətirdilər. Bildim ki, oğurluqdur, amma yenə də götürdüm. 20 manat verdilər. Ondan sonra polislər gəldi”.


Qeyd edilən faktlarla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.